25 Ağustos 2016 Perşembe

Giriş

Giriş

İndiyə qədər gəlib getmiş bütün ümmətlərə onları Allahın doğru yoluna çağıran peyğəmbərlər göndərilmişdir. Rəsullar insanlara Allahın varlığını və birliyini bildirən, onlara Allahın dinini təbliğ edən, Allahın onlardan istədiklərini, başqa sözlə, etmələri və çəkinmələri lazım olan şeyləri bildirən, onları cəhənnəm əzabı barədə xəbərdar edən və cənnətlə müjdələyən insanlardır.
Peyğəmbərlərin həyatı və mübarizəsi ağıllı və öyüd alan möminlər üçün ibrətlərlə doludur. Quranda peyğəmbərlərin təbliğ etdiyi mövzular, istifadə etdikləri inandırma üsulları və bir çox başqa xüsusiyyətləri müfəssəl şəkildə bildirilir:
"Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, ibrətlər vardır..." ("Yusif" surəsi, 111)
Möminlər peyğəmbərlər arasında heç bir fərq qoymadan onların Quranda bildirən xarakter və davranışını, üstün əxlaqını özlərinə örnək etməli, onların öyüd və tövsiyələrinə böyük əhəmiyyət verməlidir. Çünki Allah bu seçilmiş qulları haqqındakı hekayələri cəmiyyətlərə tarixi məlumat olsun deyə yox, möminlər öyüd alıb düşünsünlər, bu üstün insanlardan nümunə götürsünlər deyə Quranda bildirir.
Quranda peyğəmbərlər və onların əməllərində möminlər üçün örnəklər və dərslər var. Bu, Quranda xüsusi şəkildə bildirilən bir məsələdir. Məsələn, Hz.İbrahimdə və ona inananlarda möminlər üçün gözəl örnəklərin olması ayədə bildirilmiş, sonra da onların nümunəvi davranışı göstərilmişdir:
"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!" Ancaq İbrahimin öz atasına: "Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!" - deməsi istisnadır. "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır. Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibi sən!" And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə bunun zərəri ancaq onun özünə olar. Allah möhtac deyildir; O, tərifə layiqdir!" ("Mumtəhinə" surəsi, 4-6)
Eynilə digər peyğəmbərlər də möminlər üçün hər cəhətdən nümunə götürülməli olan Allahın xüsusi və seçilmiş qullarıdır. İman gətirənlər peyğəmbərlərin heç birinə fərq qoymur, onların hamısına vəhy olunana iman edirlər. Bu, Allahın bir əmridir və Onun bütün əmrləri kimi bunun da üzərində ciddi dayanmaq lazımdır:
"Deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!"" ("Bəqərə" surəsi, 136)
Bütün peyğəmbərlər insanları haqq dinə və ən doğru yola çağırıblar. Bu çağırış onların ümmətinə aid olduğu kimi bizə də aiddir. Hamısının dəvət etdiyi əsas imani və əxlaqi həqiqətlər, göstərdikləri üstün xarakterik xüsusiyyətlər hər dövr üçün, xüsusilə bizim üçün də qəbul edilməsi və örnək götürülməsi vacib olan məsələdir.
Allah da bu hikmətə əsasən onların dəvət etdikləri həqiqətləri və sahib olduqları üstün əxlaqi xüsusiyyətləri Quranda bizlərə bir çox cəhətdən əsaslı və müfəssəl bir şəkildə bildirmişdir. Və Peyğəmbərinin (s.ə.v.) timsalında bütün möminlərə doğru yola tabe olmağı əmr etmişdir:
"Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: "Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyüd-nəsihətdir"" ("Ənam" surəsi, 89-90)
Elə isə möminlərin vəzifəsi Quranda peyğəmbərlərin qissələrini diqqətlə oxuyub onların göstərdiyi doğru yola, etdikləri öyüd və xəbərdarlıqlara ciddi şəkildə riayət etməyə çalışmaqdır. Bu kitabın məqsədi də möminlərin bu cəhdinə yardımçı olmaqdır.

Hz. Nuh

Hz. Nuh

Hz.Nuh Quranın bir çox ayəsində haqqında təriflə bəhs edilmiş bir peyğəmbərdir:
"Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükr edən bir bəndə idi!" ("İsra" surəsi, 3).
"Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik. Sonradan gələnlər içərisində onun üçün yaxşı ad qoyduq. "Bütün aləmlər içərisində Nuha salam olsun!"" ("Səffat" surəsi, 75-79).
"Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi" ("Ali-İmran" surəsi, 33).
"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tayfasına peyğəmbər göndərdik" ("Nuh" surəsi, 1).
Allah Hz.Nuhu öz qövmünə elçi kimi göndərmişdi. Qövmündən yolunu azıb inkarçılığa düşənlər Hz.Nuhu və ona tabe olanları haqq yolundan döndərmək üçün onlara tələlər qurmuş, müxtəlif iftiralar atmış, onlara istehza etmişdilər. Etdiklərinin əvəzində isə Allah bu qövmü dünya həyatında böyük bir tufanla cəzalandırmışdı.

Hz.Nuh Qövmünə Etibarlı Bir Elçi Olduğunu Bəyan Etmişdi

Qəlbində Allah qorxusu olmayan insanlar bir-birinə həqiqi mənada inanıb etibar etməzlər. Çünki belə insanlardan təşkil olunmuş bir cəmiyyətdə insanın özünə ən yaxın bildiyi adamdan belə hər an bir pislik görmə ehtimalı var. Hər kəs bir-biri ilə son dərəcə ehtiyatla və təmkinlə davranır, izahat verməməyə çalışır. Bu səbəblə insanların ən çox istədiyi və dəyər verdiyi şey etibar edə biləcəkləri əsl dostlara sahib olmaqdır.
Peyğəmbərlər isə Allah qorxusuna görə son dərəcə etibarlı bir xarakterə sahibdir. İnsanların elçilərin etibarlı olmasının fərqinə varması çox əhəmiyyətlidir və buna görə elçilər təbliğat apararkən özlərinin bu xüsusiyyətlərini xüsusilə vurğulayırlar:
"Nuh tayfası peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 105-108).
Liderlik həvəsi, mala-mülkə hərislik, etibar gözləmək kimi məsələlər insanların başqalarına inanmaq və etibar etmək məsələsində tərəddüd keçirməsinə səbəb olur. Hətta insanların hər hansı bir mənfəət güdmədən yaxşılıq etməyəcəkləri hesab olunur. Peyğəmbərlər isə əvəzi Allahdan gözləyir, insanlardan heç bir istəklərinin olmadığını da xüsusilə vurğulayırlar. Hz.Nuh öz qövmünə belə demişdir:
"Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 109).
"Əgər siz üz çevirsəniz, bilin ki mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!"" ("Yunus" surəsi, 72).

Hz.Nuh Qövmünü Yalnız Allaha İbadət Etməyə Çağırmışdır

Hz.Nuh qövmünü içində olduğu batil inanclardan əl çəkərək Allaha ibadət etməyə dəvət etmişdi. Allahdan başqa ibadətə layiq Tanrı olmadığını, əgər dünyada ikən bunu anlamazlarsa, qarşıda əzabla qarşılaşacaqlarını xatırlatmışdı. Bu şəkildə onlara xəbərdarlıq edib qorxutmuş və iman gətirmələri üçün müxtəlif cür açıqlama və izahatlar vermişdi. Bununla bağlı bəzi ayələr belədir:
"Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?"" ("Muminun" surəsi, 23).
"Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!"" ("Hud" surəsi, 25-26).

Hz.Nuh Qövmünü Allaha Yönəlməyə Və Ondan Bağışlanma Diləməyə Dəvət Etmişdi

Hz.Nuh qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladandan sonra onları Allahdan bağışlanma diləməyə dəvət etmiş, Allaha yönəlmələrinin əvəzində Allahın onlara verəcəyi nemətləri bu şəkildə müjdələmişdi:
"Və dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!" ("Nuh" surəsi, 10-12).
Allah Quranın bir çox ayələrində iman edənlərə gözəl bir həyat vəd etmişdir. Bu səbəblə peyğəmbərlər öz qövmlərini Allaha yönəlməyə dəvət edərkən Allahın onlara nemətlər verəcəyini də bildirmişdilər. Digər tərəfdən isə Allahın verdiyi nemətləri sadalayaraq insanların bunları anlamasını, Allahın onlar üzərindəki lütf və mərhəmətini görməsini təmin etməyə çalışmışdılar. Hz.Nuh qövmünə belə xitab etmişdi:
"Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? Halbuki O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Alah yeddi göyü qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi ki, onun geniş yollarında gəzəsiniz!"" ("Nuh" surəsi, 13-20).
İman gətirənlərin etməsi vacib olan iş də peyğəmbərlər kimi Allahın nemətlərini xatırlayaraq Ona şükr etmək və ətraflarındakı insanları şükr edənlərdən olmağa çağırmaqdır.

Hz.Nuh Ona Atılan İftiralara Qövmünə Allahı Xatırladaraq Ən Ağıllı Cavablar Vermişdi

Tarix boyu Allahın göndərdiyi bütün elçilərə bir-birinə oxşayan iftiralar atılmışdır. Bu, Allahın hər dövrdə yaşayan elçilərinin qarşılaşdığı dəyişilməz bir qanunudur.
Hz.Nuhun qövmü də öz peyğəmbərinə itaət etmək məsələsində müqavimət göstərmiş və özlərinə məxsus tərzdə onu qorxutmaq üçün bir çox iftiralar atmışdılar. Bunlardan biri də "çaşmış və azmış" iftirasıdır:
"Tayfasının başçıları ona: "Biz səni açıq- aydın azmış görürük! - deyə cavab verdilər" ("Əraf" surəsi, 60).
Allahın elçilərinin ən qabarıq xüsusiyyətlərindən biri də onların hər yerdə səbrli və qərarlı olmaqda, üstün əxlaqlarını qorumaqda davam etməsidir. Onlar qarşılaşdıqları çətinlik və iftiralar qarşısında daim müdrik və təmkinli bir davranış göstərmişlər. Bu iftiraya qarşı Hz.Nuhun cavabı bütün möminlər üçün örnəkdir:
"Nuh dedi: "Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan sizin bilmədiklərinizi bilirəm!" ("Əraf" surəsi, 61-62).
Hz.Nuh onu yalançılıqda günahlandıranlara isə belə cavab vermişdi:
"Nuh tayfasının kafir əyan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!" Nuh dedi: "Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!" ("Hud" surəsi, 27-29).

Hz.Nuh İman Gətirmək Üçün Möcüzə Gözləyənlərin Qeyri-Səmimiliyinə Diqqət Çəkmişdir

Tarix boyu inkar edənlər onlara gələn elçilərə tabe olmamaq üçün bir çox bəhanələr irəli sürmüşlər. Peyğəmbərlərin var-dövlət cəhətdən onlardan üstün olmasını və ya möcüzələr göstərməsinin vacibliyini irəli sürmüş, hətta onların insan deyil, mələk olmasının lazım gəldiyini iddia etmişdilər. Hz.Nuh buna oxşar istəklərə belə cavab vermişdi:
"Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. Onda, şübhəsiz ki, zalimlərdən olaram!"" ("Hud" surəsi, 31).
Allahın göndərdiyi elçilərin mal-dövlət və pul cəhətdən üstün olmasını, möcüzələr göstərməsini gözləmək inkarçıların klassik bir xüsusiyyətidir. Elçilərin üstün olduqları cəhət təqvadır. Bu insanlar həyatlarının hər anında və hər davranışlarında Allaha yönəldikləri, təslimiyyət və təvəkkül göstərdikləri, səbrlərində heç bir zaman qüsura yol vermədikləri üçün üstündürlər. Allah mal-dövləti, mövqeyi, pulu, elmi və dünyaya aid olan hər şeyi bir çox insana verə bilər. Ancaq bunlar bir üstünlük ölçüsü deyil, yalnız imtahan vasitəsidir. Bu cür dünyəvi dəyərləri Allah yanında bir üstünlük əlaməti kimi qiymətləndirmək isə ancaq dindən uzaq yaşayan insanlara xas olan xüsusiyyətdir:
"Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" - demişdilər. Peyğəmbərləri də belə cavab vermişdilər: "Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir". Onlar demişdilər: "Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Açıq-aşkar bir dəlil gətirin!" Peyğəmbərləri onlara cavab verərək demişdilər: "Biz də sizin kimi adi bir insanıq, lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!" ("İbrahim" surəsi, 9-11).

Hz.Nuh Təbliğ Üçün Hər Yolu Sınaqdan Keçirmişdir

Hz.Nuh da digər peyğəmbərlər kimi qövmünün iman etməsi üçün hər cür yolu sınaqdan keçirmişdir. Onları açıq dinə dəvət etdiyi kimi onlara fərqli yollarla da yanaşmağa çalışmış, ancaq bütün cəhdlərinə baxmayaraq onun qövmü inkar etməkdə və azğınlıqda inadla davam etmişdi. Hz.Nuh qövmünün ona inad etməsini belə bildirmişdir:
"O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim"" ("Nuh" surəsi, 5-9).
Hz.Nuhun bu sözlərindən bəlli olur ki, peyğəmbərlər dayanmadan insanları Allahın yoluna çağırmış, müxtəlif üsullardan istifadə edərək insanların vicdanını oyatmağa çalışmışdılar. İnsanlardan nə cür reaksiya gəlirsə gəlsin qərarlı davranmaq, Allahın "yaxşılığı əmr edib pislikdən çəkindirmək" əmrini mütləq surətdə yerinə yetirmək peyğəmbərlər kimi əməlisaleh möminlərin də üzərinə düşən mühüm bir məsuliyyətdir:
"İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir" ("Ali-İmran" surəsi, 104).
"Onlar Allaha tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!" ("Tövbə" surəsi, 112).

Hz.Nuhun Qövmünə Qarşı Qərarlı Rəftarı

Yer üzərində var olan hər şeyin sahibinin Allah olduğunu, Allah istəməsə kimsənin özünə bir zərər və ya fayda verməyə gücünün çatmayacağını bilən peyğəmbərlər öz qövmlərinin onlara hədə-qorxu gəlməsindən heç bir zaman çəkinməmişlər. Onlar qarşılaşdıqları hər cür çətinlikdə Allaha arxalanıb güvənmişlər. Hz.Nuh da inkarçıların öndə gələnlərinə qarşı qəhrəmancasına mübarizə aparmış, onların iftira və hücumlarından əsla çəkinməyəcəyini belə vurğulamışdı:
"Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: "Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin" ("Yunus" surəsi, 71).
Möminlər də peyğəmbərlərdən nümunə götürərək çətinliklər qarşısında səbr edir, düşmənlərinə qarşı əsla qorxaqlıq və zəiflik göstərmirlər. Allahın köməyinin hər an yanlarında olduğunu və mütləq qələbənin hər zaman iman gətirənlərə aid olduğunu bilirlər. Çünki buna zəmanət verilmişdir:
"Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!" ("Ali-İmran" surəsi, 139).
"...Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" ("Nisa" surəsi, 41).

Hz.Nuh Öz Qövmünə Böyük Bir Əzab Barədə Xəbərdarlıq Etmişdi

Bəzi qövmlər onlara göndərilən peyğəmbərlərə qarşı çıxdıqları və peyğəmbərlərlə və iman edənlərlə mübarizə apardıqları üçün Allahın göndərdiyi müxtəlif əzablarla həlak edilmişdir. Peyğəmbərlər isə bu əzablar gəlməmişdən əvvəl qövmlərini xəbərdar etmiş və onları Allahı yoluna çağırmışdılar. Hz.Nuh qövmünü bu şəkildə xəbərdar etmişdi:
"Biz Nuhu öz tayfasına göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bmr tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Əraf" surəsi, 59).

Hz.Nuhun Möminlərə İstehza Edən Qövmünə Cavabı

Allah Quranın bir çox ayəsində möminləri ələ salan insanlardan bəhs edir. Ancaq Allah tarix boyu möminlərə istehza edən insanları sonuncular hələ dünyada ikən onlara istehza ediləcək hala salmışdır. Bu insanların axirətdə görəcəyi təhqir isə daha böyük olacaq. Allah Quranda bu insanlar cəhənnəmdə əzab çəkərkən möminlərin də cənnətdən onları seyr edib güləcəklərini bildirmişdir ("Mütəffifin" surəsi, 34).
Hz.Nuhun qövmü də onu və möminləri ələ salmışdı. Hz.Nuhun bununla bağlı öz qövmünə verdiyi cavab isə bu şəkildədir:
"...Nuh onlara deyirdi: "Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyaçağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!"" ("Hud" surəsi, 38-39).

Hz.Nuh Qövmü İnkarçılıqda İnadla Davam Etdiyi Üçün Allahdan Kömək İstəmişdir

İndiyə qədərki ayələrdən də gördüyümüz kimi, Hz.Nuh həyatı boyu qövmünü xəbərdar edib qorxutmuş, onları Allahın əzabından qorunmağa çağırmışdı. Ancaq bütün bunlara baxmayaraq onun azğın qövmü inkar etməkdə inad edincə Allaha belə dua etmişdi:
"Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər" ("Nuh" surəsi, 26-27).
Peyğəmbərlərdən nümunə götürən möminlərin bunları etməsi lazımdır: dini hər cür imkandan istifadə edərək, sözlə və ya yazılı şəkildə izah edib Allahın varlığının hər cür dəlillərini onlara göstərmək, bundan başqa hesab gününün, cənnətin və cəhənnəmin yaxınlığını təbliğ etmək...
Ancaq bütün bunlara baxmayaraq inkar etməkdə inadla davam edən insanlar olarsa, möminlər bu insanları cəzalandırması üçün də Allaha dua edərlər. Və onlar Allahın dünyada və axirətdə sonsuz bir ədalətlə əvəz verəcəyini bilirlər.

Hz.Nuhun Oğlunun Kafirlərdən Olması

Allah inkar etmələri, istehzaları və hücumları ilə əzaba tam layiq olan qövmün üzərinə böyük bir bəla göndərmiş və Hz.Nuhu yalan hesab edənlər həlak olmuşdular. Hz.Nuhla birlikdə olan möminlər isə gəmiyə minib əzabdan xilas olmuşdular. Həlak olanlar arasında Hz.Nuhun oğlu da vardı. Atasının peyğəmbər olması da onu əzabdan qurtarmamışdı.
Bu gün bəzi insanlar özləri dindar olmasa da ailədə olan böyüklərinin, yaxınlarının dindarlığı ilə fəxr edirlər. Onların "atam hacıdır", "babam böyük bir alimdir" kimi sözləri tez-tez eşidilir. Lakin axirətdə insan yalnız öz etdiklərinə və öz üzərinə düşən vəzifəyə görə məsuliyyət daşıyacaq. Yaxınlarının üstünlükləri, dindarlığı ona heç bir fayda verməyəcək. Bu hal Quranda belə bildirilir:
"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!" - deyildi" ("Təhrim" surəsi, 10).
Hz.Nuh oğluna kafirlərdən olmaması üçün son ana qədər xəbərdarlıq etmiş, lakin onun xəbərdarlığı heç bir nəticə verməmişdi:
"Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!" Belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar". Nuh dedi: "Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!" Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu" ("Hud" surəsi, 42-43).

Hz.Nuh Möminlər Üçün Də Dua Etmişdir

Hz.Nuh inkarçıların həlak olması üçün dua etdiyi kimi möminlərin günahlarının bağışlanması üçün də dua etmişdir:
"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq və ancaq həlakını artır!"" ("Nuh" surəsi, 28).
Peyğəmbərin bu duası da bütün möminlərin nümunə götürəcəyi və tətbiq etməsi lazım gələn bir davranışdır. Allaha iman gətirən insanlar bir-birinin yeganə dostları və yardımçılarıdır. Buna görə onların bir-birinin axirətinə yönəlik dua etməsi də bir iman əlamətidir.

Hz. Hud

Hz. Hud

Allah-Təala Hz.Hudu Ad qövmünə peyğəmbər kimi göndərmişdi. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, apardığı təbliğatın əvəzində heç bir qarşılıq gözləmədiyini bildirdikdən sonra insanları Allahdan qorxub çəkinməyə çağırmışdı.
Hz.Hud qövmünə təbliğ edərkən əvvəlki peyğəmbərlər kimi ona da müxtəlif iftiralar atılmışdı. Məsələn, qövmü Hz.Hudun "ağıldankəm" olduğunu iddia etmişdi. Hz.Hud ona belə çirkin iftira atan qövmünə əxlaqi üstünlüyünün bir göstəricisi olan son dərəcə kamil və şəfqətli bir üslubla cavab vermişdi:
"Hud dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm" ("Əraf" surəsi, 67-68).

Hz.Hud Qövmünə Etdiyi Təbliğ Üçün Heç Bir Əvəz Gözləmədiyini Söyləmişdir

"Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?" ("Hud" surəsi, 51).
"Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 127).
Bura qədər bildirilən bütün peyğəmbərlərin həyatından gördüyümüz kimi, ömür boyu insanlara dini təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək mühüm bir mömin xüsusiyyətidir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə bərabər olursa olsun, insanları Allahın bəyəndiyi əxlaqa çağırmağa, onlara hər an daha da yaxınlaşan hesab gününü xatırlatmağa cavabdehdir. Buna görə də heç kimdən bir qarşılıq gözləməz, yalnız vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyi və Allahın ondan razı olmasını istəyər.

Qövmünü Allaha Qulluq Etməyə Çağırarkən Onlara Acı Bir Əzab Barədə Xəbərdarlıq Etmişdir

Digər peyğəmbərlər kimi Hz.Hud da öz qövmünə yalnız Allaha qulluq etməyi tövsiyə etmiş, əks təqdirdə onların əzabla qarşılaşacağından qorxduğunu söyləmişdi:
"Ad qövmünün qardaşını xatırla! Bir zaman o Əhqafda yaşayan qövmünə -ondan əvvəl və sonra da peyğəmbərlər gəlib getmişdilər- belə deişdi: "Allahdan başqasına ibadət etməyin! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Əhqaf" surəsi, 21).
Bundan başqa, onlara dünya həyatında dəyər verdikləri şeylərin müvəqqəti olduğunu da xatırlatmışdı. Hz.Hudun bu mövzuda öz qövmünə etdiyi təbliğ ayədə belə bildirilir:
"Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, su hövzələri tikirsiniz!" ("Şuəra" surəsi, 128-129).
Bundan sonra da qövmünə Allahdan qorxmağın, Onun əmr etdiklərini yerinə yetirməyin, insanlara zorakılıq etməməyin vacibliyini xatırlatmışdı. Və əgər belə edərlərsə, bunlara görə də əzaba düçar olacaqlarını söyləyərək onlara xəbərdarlıq etmişdi:
"Və yaxaladıqda da zalimlər kimi yaxalayırsınız! Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! Sizə heyvanat, oğul-uşaq, bağlar və çeşmələr verdi! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Şuəra" surəsi, 130-135).

Hz.Hud Qövmünə Allahın Onlara Verdiyi Nemətləri Xatırlatmışdır

Allahın insanlara verdiyi nemətlər "Nəhl" surəsinin 18-ci ayəsində bildirildiyi kimi, "bir ümumiləşdirmə edilərək" belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insanlar bu nemətləri ona verənin Allah olduğunu və bunlar üçün Allaha şükr etməyin vacibliyini ağlına belə gətirmir. Allahın istədiyi anda bunları onlardan geri alacağını da düşünməzlər. Buna görə də peyğəmbərlər getdikləri qövmlərə Allaha yönəlmələrinin, sahib olduqları hər şeyin Allahdan bir nemət olduğunu bilmələrinin və bunun üçün Ona şükr etmələrinin vacibliyini xatırlatmışlar. Hz.Hud da öz qövmünə Allahın verdiyi nemətləri xatırlatmış, onları Allahdan qorxub çəkinməyə çağırmışdı:
"Yoxsa sizi qorxutmaq üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!"" ("Əraf" surəsi, 69).
Bundan başqa, Hz.Hud qövmünü Allahdan bağışlanma diləməyə də dəvət etmişdi. Və əgər Allaha sığınıb tövbə edərlərsə, bunun əvəzində Allah onlara verdiyi nemətlərini artıracağını xəbər vermişdi:
"Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!"" ("Hud" surəsi, 52).

Hz.Hud Öz Qövmünü Cahillərdən Olmamaq Barədə Xəbərdar Etmişdir

Qurandakı anlayışlardan biri olan "cahil" anlayışı özünün ayələrdə istifadə edildiyi mənası ilə dini bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni məsələn, bir insan yüksək ali təhsil ala bilər, amma o, əgər Allahı tanımırsa, Allahın kitabını bilmirsə və onu tətbiq etmirsə, həmin şəxs Qurana görə, cahildir. İnsan bəzi məlumatlara sahib olsa da kim olduğunu, nədən yaradıldığını düşünmürsə, onu Yaradanı tanımırsa və buna görə Allahın ondan istədiklərini yerinə yetirmirsə, həmin şəxs cahillər arasındadır.
Bu insanlardan soruşanda çox zaman dinə tabe olduqlarını söyləyirlər. Halbuki onların nəzərdə tutduğu din babalarından gördüyü cahil bir dindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.
Allahın Quran qissələrində də bildirildiyi kimi, tarix boyu peyğəmbərlər belə cahil cəmiyyətlərə haqq dini izah etmişlər. Ancaq bu cəmiyyətlərin çoxu həqiqəti vicdanlı şəkildə gördükləri halda yaşadıqları cəhalət səbəbilə təkəbbür göstərmişlər. Onlara edilən bütün xəbərdarlıqlara da baxmayaraq aralarından çox az bir qismi istisna olmaqla öz batil dinlərini müdafiə etməkdə davam etmişlər.
Hz.Hudun qövmü də öyrəşdikləri cahil sistemdən imtina edib peyğəmbərə qulaq asmağı rədd etmişdi. Bu səbəblə Hz.Hud öz qövmünə onun düşdüyü halın aşkar bir cəhalət olduğunu belə xatırlatmışdı:
"Demişdi: "Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olducunuzu görürəm!"" ("Əhqaf" surəsi, 23).

Hz.Hud Qövmünün İnkarçılarına Onlardan Qorxmadığını Və Allaha Təvəkkül Etdiyini Bildirmişdir

Bütün çağırışlarına baxmayaraq qövmü Hz.Huda qarşı çıxmış və bu elçinin onları çağırdığı yola tabe olmağı qəbul etməmişdi. Tarix boyu bütün inkarçılar kimi onlar da öz peyğəmbərindən möcüzə istədiklərini, əks təqdirdə iman gətirməyəcəklərini söyləmişdilər:
"Onlar da dedilər: "Ey Hud! Sən bizə aşkar bir möcüzə ilə gəlmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!" ("Hud" surəsi, 53).
Bunun əvəzində Hz.Hud onların Allaha şərik qoşmasından uzaq olduğunu və onun üçün quracaqları tələlərdən qorxmadığını belə bildirmişdir:
"...Belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!" ("Hud" surəsi, 54-55).
Hz.Hud Allahın bir peyğəmbəri olaraq hər şeyi Allahın yaratdığını və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Bu səbəblə ona atılan iftiraların boşa çıxacağına əmin bir tərzdə Allaha olan inam və etibarını belə dilə gətirmişdir:
"Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!" ("Hud" surəsi, 56).

Hz. Saleh

Hz. Saleh

Allah-Təala Hz.Salehi Səmud qövmünə peyğəmbər göndərmişdi. Quranda Hz.Salehin peyğəmbər kimi gəldiyi qövmə yalnız Allaha qulluq etməyin vacibliyini söylədiyi xəbər verilmişdir:
"Biz Səmud tayfasına - Allaha ibadət edin deyə -qardaşları Salehi göndərdik. Saleh öz tayfasının yanına gələn kimi onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar" ("Nəml" surəsi, 45).
Bütün peyğəmbərlər kimi Hz.Saleh də öncə qövmünə etibarlı bir peyğəmbər olduğunu təbliğ etmiş və qövmünü Allahdan qorxub çəkinməyə çağırmışdı:
"Səmud tayfası da peyğəmbərləri təkzib etdi. O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 141-144).
Hz.Saleh də bu insanları Allahın dininə çağırarkən onlardan heç bir əvəz gözləmədiyini söyləmişdi.

Hz.Saleh Qövmünə Allahın Böyüklüyünü İzah Edib Onları Bağışlanma Diləməyə Dəvət Etmişdir

Allahın rəsulları öz qövmlərinə etdikləri təbliğ zamanı Allahın varlığının dəlillərinə diqqəti cəlb etmiş, Allahın yaratdığı qüsursuz tarazlıqları, sistemləri, canlılardakı üstün xüsusiyyətləri insanlara xatırlatmışdılar.
Hz.Saleh də yaradılış dəlillərini izah edərək qövmünü Allahı xatırlamağa təşviq edən elçilərdən biridir. Qövmünün Allahın sonsuz elmini, sonsuz ağlını və sonsuz böyüklüyünü dərk etməsi üçün ona insanın ilk yaradılışını xatırlatmışdı:
"Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!"" ("Hud" surəsi, 61).

Hz.Saleh Qövmünü Allahın Elçisi Olaraq Ona İtaət Etməyə Çağırmışdır

Hz.Saleh qövmünə sahib olduqları nemətlərin həqiqi sahibi olan Allahdan qorxub çəkinməyin, yer üzündə fitnə-fəsad törətməməyin və ona itaət etməyin vacibliyini xatırlatmışdı. Əgər bunu etməsələr, Allahın onları yaşadıqları yerdə təhlükəsizlik içində saxlamayacağını bu sözləri ilə təbliğ etmişdi:
"Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli xurmalıqlar içində! Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Artıq Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!" ("Şuəra" surəsi, 146-152).
Allah-Təala peyğəmbərləri insanları haqq dinə dəvət etmək və yer üzündə nizam-intizam yaratmaq üçün göndərmişdir. Hz.Salehin yuxarıdakı xəbərdarlıqları da bu vəzifəni yerinə yetirməyə yönələn bir çağırışdır.

Hz.Saleh Qövmünə Allahın Nemətlərini Xatırlamağın Və Fitnə-Fəsad Törətməməyin Vacibliyini Söyləmişdir

"Səmud tayfasına da qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şid dətli bir əzaba düçar olarsanız! Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın, Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"" ("Əraf" surəsi, 73-74).

Hz.Saleh Qövmünə Allaha Üsyan Etməyin Ümidsiz Nəticəsini Xatırlatmışdır

Ancaq Səmud qövmü Hz.Salehə itaət etməmiş və "Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik" ("Hud" surəsi, 62) deyərək qarşı çıxmışdı. Bunun üzərinə Hz.Saleh qövmünə Allaha qarşı çıxacağı zaman ona kömək edə biləcək heç bir varlığın olmadığını təbliğ etmişdi:
"Saleh onlara belə cavab verdi: "Ey camaatım! Bir deyin görək. Əkər mənim Rəbbimdən aşkar bir möcüzəm olsa, O mənə Özündən bir mərhəmət lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!" ("Hud" surəsi, 63).
Əlbəttə, Allaha üsyan edən insanları Allahın qəzəbindən qoruya biləcək heç bir güc yoxdur. Və Hz.Salehin yuxarıdakı sözləri ilə bildirdiyi kimi, Allaha üsyan edən bir insana uyan adam da mütləq bir ziyana uğrayacaq.

Hz.Saleh Qövmünə Əzabdan Çəkinmələri Barədə Öyüd Vermişdir

Peyğəmbərlərin gətirdiyi haqq din inkarçıların mənafeyinə zidd olduğu üçün bu insanlar peyğəmbərlərə iman gətirmək istəməmişdilər. Peyğəmbərlərin onlara Allahı və axirəti xatırlatmasından son dərəcə böyük bir narahatlıq hiss etmişdilər. Bu, tarix boyu bütün inkarçı qövmlərdə tez-tez rast gəldiyimiz xüsusiyyətdir. Əlbəttə, eyni vəziyyət Allahdan qorxmayan Səmud qövmündə də olmuşdu. Bu insanlar Hz.Salehin onlara verdiyi bütün öyüd-nəsihətdən üz çevirmişdi. Hz.Salehin bu barədə qövmünə xitabı belədir:
"Saleh onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!"" ("Əraf" surəsi, 79).
Hz.Saleh qövmünü haqq yola yönəldə bilmək üçün ciddi mübarizə aparmış, ancaq qövmü inadkarlıq edərək inkarda israr etmişdi. Allah bu qövmü ona bir dişi dəvə göndərməklə sınamış və onlara dəvəni incitməməyi əmr etmişdi. Bu əmrə uymadıqları təqdirdə onlara böyük bir əzab gələcəyini də bildirmişdi. Allahın əmrinə qarşı çıxan qövm ona göndərilən dəvəni öldürmüş və beləliklə, Allaha qarşı çıxan bir qövm kimi böyük bir əzabla həlak edilmişdi. Bununla bağlı olan ayələrdən bəziləri belədir:
"Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət, qüvvət sahibidir! O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası kənar oldu!" ("Hud" surəsi, 66-68).
Bu nümunədən də gördüyümüz kimi, Allahın peyğəmbərləri göndərildikləri cəmiyyətin insanlarına Allahın dinin təbliğ etmiş, dünyanın bir imtahan yeri olduğunu xatırlatmış və ancaq Allahın əmrlərini yerinə yetirən insanların əzabdan qurtula biləcəklərini söyləmişdilər. Əgər inkar etməkdə israrla davam etsələr, Allahın onlara mütləq bir əzab göndərəcəyini bildirmişdilər.
Ancaq peyğəmbərlərin bu böyük cəhdləri yalnız Allaha iman gətirən az bir qrupa təsir etmiş, insanların çoxu öyüd almağa səy göstərməmişdi. Amma əlbəttə, bu israrlı inkarçılığın nəticəsində də itkiyə məruz qalan özləri olmuş, əzabla qarşılaşmışdılar. Axirətdə isə bundan daha böyük cəza ilə qarşılaşacaqlar.

Hz. İbrahim

Hz. İbrahim

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).
Hz.İbrahim Allahın "dost etdiyi" bir peyğəmbərdir. Allah-Təala bir çox ayədə Hz.İbrahimin üstün əxlaqından bəhs edir. Möminlərə gözəl əxlaqı ilə nümunə olan Hz.İbrahim Allaha ürəkdən yönələn, yumşaq xasiyyətli, Allaha qarşı həssas, cəsur, sözündə doğru bir insandır. Allah bir ayədə Hz.İbrahimin əxlaqını belə tərif edir:
"Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!" ("Nəhl" surəsi, 120-122).
Allahın üstün əxlaqı ilə bəhs etdiyi Hz.İbrahim özlərinin düzəltdiyi bütlərə tapınan və tapınma məsələsində son dərəcə qərarlı və inadkar olan bir qövmə göndərilmişdi. Və onun vəzifəsi qövmünü yalnız Allaha qulluq etməyə çağırmaq idi. Amma qövmünün insanları haqq dinin onların dünyəvi mənfəətləri ilə zidd olduğunu düşündüyü üçün onu qəbul etmək istəməmiş, Hz.İbrahimə bir tələ quraraq onu öldürməyə çalışmışdılar. Ancaq Allah Hz.İbrahimə qurulan tələni pozmuş, onu zalım qövmünün əlindən xilas etmişdi:
"Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq. Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq. Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 68-73).
Bu qissədən də gördüyümüz kimi, Allah Hz.İbrahimin səmimiyyətinin əvəzində qövmünün ona zülm etməsinə mane olmuşdur. Bundan sonra ona tələ qurmaq istəyən qövmünə əzab vermiş, onları süquta uğratmışdır. Hz.İbrahimi və yanındakı möminləri daha yaxşı bir yerə yerləşdirərək onlara bolluq, müxtəlif nemətlər vermiş, üzərlərindəki rəhmətini göstərmişdir.

Hz.İbrahim Səmimi Bir Düşüncə İlə Allaha Yönəlmiş Və Qövmünə Müşriklərdən Olmadığını Söyləmişdir

Hz.İbrahim müşrik bir qövmün içində yaşasa da özü Allahın bir və tək Tanrı olduğunu vicdanla düşünərək dərk etmişdi. Və yalnız Allaha iman etmiş və Ona yönəlmişdi. Quranda Hz.İbrahimin Allaha qəti şəkildə iman etməsinin necə baş verdiyini bildirən ayələr bu şəkildədir:
"Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" - dedi. Ulduz batdıqda isə: "Mən batanları sevmirəm" - söylədi. Sonra doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" - dedi. Ay batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım" - söylədi. Daha sonra doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!" - dedi. Günəş batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!" ("Ənam" surəsi, 75-78).
Əlbəttə, Hz.İbrahimlə bağlı olan bu qissədə möminlər üçün əhəmiyyət kəsb edən bir dərs var. Bir insanın Allahın varlığını qavraması son dərəcə asandır. İnsanın gözünün gördüyü hər yerdə yaradılışın saysız dəlili var. Vicdanlı bir insan heç bir şey bilməsə də, ona heç bir şey izah edilməsə də bir neçə dəqiqəlik səmimi bir düşüncə ilə düşünsə, kainatın bir Yaradıcısının olduğunu asanlıqla görə bilər. Və Allahın gücünü, böyüklüyünü, hər şeyə hakim olduğunu anlaya bilər. Elə bu səbəbdən vicdanla düşünən Hz.İbrahim ona bəlkə də heç izah edilmədiyi halda səmimi bir düşüncə nəticəsində Allahın varlığını və ucalığını görmüşdür. Və qövmünə onların şirk qoşduğu saxta tanrılardan qopub ayrıldığını belə xəbər vermişdir:
"Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!"" ("Ənam" surəsi, 79).

Hz.İbrahim Qövmünü Allah'a Qulluq Etməyə Çağırmışdır

Daha irəlidəki fəsillərdə də görəcəyimiz kimi, peyğəmbərlər göndərildikləri qövmü Allahın yoluna salmaq üçün hər yolu sınaqdan keçirirlər. Qövmlərinə çox müxtəlif örnəklərlə təbliğ edən peyğəmbərlər eyni mövzunu bir-birindən fərqli nümunələrlə başa salır, Allahın bəyəndiyi əxlaqı müfəssəl şəkildə izah edir, insanları haqsız davranışlardan uzaqlaşdırır, bu davranışların çirkinliyini və buna görə məruz qalacaqları itkini bildirir, hər yoldan istifadə edərək bu insanlara doğrunu göstərməyə və onların vicdanını oyatmağa çalışırlar.
Hz.İbrahim də öncə qövmünü doğru yola çağırmış və onlara bütlərdən əl çəkməyin və Allaha yönəlməyin vacibliyini söyləmişdir. Quranın bir çox ayəsində Hz.İbrahimin atasına və qövmünə bu barədə etdiyi təbliğ bildirilir. Hz.İbrahim bütlərə tapınan bu insanları bir olan Allaha qulluq etməyə, Ondan qorxub çəkinməyə belə dəvət etmişdir:
"İbrahimi də yad et! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?! Siz Allahı qoyub ancaq bütlərə-ibadət edir, yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükr edin. Siz Onun hüzuruna qaytarılacaqsınız!""("Ənkəbut" surəsi, 16-17).
Ayələrdən də göründüyü kimi, Hz.İbrahim inkarçı qövmünə Allahın gücünü, üstünlüyünü müxtəlif nümunələrlə bildirmişdir. Onların bu həqiqəti qavraya bilməsi üçün müqayisələr aparmış, onlara hər şeyi verənin Allah olduğunu xatırlatmış, onları Allahın hüzuruna qaytarılacaqları barədə xəbərdar etmişdi. Hz.İbrahim bütün qövmü kimi yaxınlarını da bu barədə xəbərdar etmişdi. Atası Azərə yanlışlıq içində olduğunu belə bildirmişdir:
"Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"" ("Ənam" surəsi, 74).

Hz.İbrahim Öz Qövmünə Şeytana Uymamaq Barədə Xəbərdarlıq Etmişdir

İnsanın ən böyük düşməni şeytandır. Allah ilk insan olan Hz.Adəmi yaradanda şeytana Hz.Adəmə səcdə etməyi əmr etmişdir. Ancaq şeytan təkəbbür göstərərək Allahın əmrinə qarşı çıxmışdır. Bunun əvəzində Allah şeytanı lənətləmiş və cənnətdən qovmuşdur. Şeytan cənnətdən qovulduqdan sonra insanları doğru yoldan azdırmaq məqsədilə qiyamətə qədər Allahın ona izn verməsini istəmişdir. Şeytanın məqsədi özünün cənnətdən qovulmasına səbəb kimi gördüyü insanları Allahın razı olacağı haqq yoldan uzaqlaşdırmaq və beləcə onların da cəhənnəmə getməsinə səbəb olmaqdır.
Bu səbəblə şeytan Hz.Adəmdən bəri yaradılmış bütün insanlara cürbəcür oyunlarla yaxınlaşaraq onları azdırmağa çalışır. Şeytanın yalnız Allaha qətiyyətlə iman gətirən və təvəkkül edən insanlara təsiri olmaz, belə ki, Allah Quranda bu insanların sayının az olacağını bildirmişdir. Elə bu səbəblə Hz.İbrahim Allahın yolundan uzaqlaşan atasına və qövmünə şeytana uymamaq və ona tabe olmaq barədə xəbərdarlıq etmiş və belə demişdir:
"Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olasan!"" ("Məryəm" surəsi, 43-45).

Hz.İbrahim Qövmünə Bir-Birini Tanrıya Çevirməməyi Və Allaha Şərik Qoşmamağı Tövsiyə Etmişdir

Müşrik cəmiyyətlərin ən qabarıq xüsusiyyətlərindən biri onların Allahdan başqa digər varlıqlara Allahdan daha çox inanması və bu varlıqlardan daha çox qorxmasıdır. Bu insanların inandığı varlıqlar yalnız taxtadan və daşdan düzəldilən heykəllərlə bitmir.
Bir insanın başqa bir insanı Allahdan çox sevməsi, Allahdan çox ona qiymət verməsi, Allahın rizası yerinə onun razılığını üstün tutması və ya Allahdan çox o insandan qorxması da bir müşrik xüsusiyyətidir. Həmçinin Hz.İbrahimin qövmündə də bir çox varlıqları Allahdan çox sevən, onlara Allahdan da çox dəyər verən insanlar vardı. Halbuki qiyamət günü bu insanlar Allahdan başqa bir gücün olmadığını anlayacaq, Allahdan daha çox dəyər verdikləri varlıqların isə əslində heç dəyər verilməyə layiq olmadığını, onların da Allahın gücü qarşısında aciz qullar olduqlarını görəcəkdir. Bu səbəblə Hz.İbrahim öz qövmünə Allahdan başqa digər varlıqları ilahiləşdirməyin yolverilməzliyini, əks halda bu tanrılarla qiyamət günü lənətlənib cəhənnəmə atılacaqlarını xatırlatmışdır:
"Dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!"" ("Ənkəbut" surəsi, 25).

Hz.İbrahim İnsanlara Allahın Böyüklüyünü Və Gücünü Təbliğ Etmişdir

Hz.İbrahim qövmünə Allahın varlığını və böyüklüyünü dərk etməsi üçün müxtəlif nümunələr vermişdir. Məsələn, yalnız zəngin olduğu üçün təkəbbür göstərən və ona sahib olduqlarını verənin Allah olduğunu unudan bir nəfər Hz.İbrahimlə Allah barədə mübahisə etmişdir. Hz.İbrahim bu adama həm öz acizliyini, həm də Allahın gücünü izah etmək üçün belə bir cavab vermişdir:
"Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür" - dediyi zaman, o: "Mən də həm dirildir, həm də öldürürəm" - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!" ("Bəqərə" surəsi, 258).
Göründüyü kimi, Hz.İbrahimin bu hikmətli və ağıllı izahatı qarşısında inkarçı adamın deməyə bir sözü qalmamışdır. Möminlər də Hz.İbrahimdən nümunə götürməli və dini təbliğ edərkən hər zaman Allahın böyüklüyünü, sonsuz qüdrətini vurğulamalı, inkarçıların məntiqsizliyini onlara izah etməlidir.

Hz.İbrahim Güvəniləcək Yeganə Gücün Allah Olduğunu Təbliğ Etmişdir

Hz.İbrahimin ixlaslı və səmimi təbliğinə baxmayaraq onun bütlərinə ibadət etməkdə israrla davam edən qövmü həm onu doğru yoldan ayırmaq, həm də onlara etdiyi təbliğə mane olmaq üçün Hz.İbrahimlə mübahisə etmişdi. O zaman Hz.İbrahim qövmünə yalnız Allahdan qorxduğunu, əsl təhlükəsizliyin və qurtuluşun Allaha təslim olmaqda olduğunu təbliğ etmişdir:
"...Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" ("Ənam" surəsi, 80-82).
Yer üzərində olan hər şeyin sahibi Allahdır. Allahın izni olmadan bir kimsə kiməsə nə bir yaxşılıq edə, nə də bir zərər verə bilər. İnsanın kömək umaraq istinad edib güvəndiyi güclər ancaq Allah icarə verərsə, bir yarar gətirə bilər. Həqiqi bir qurtuluş və təhlükəsizlik üçün insanın özünü Allaha təslim etməsi lazımdır. Allah Quranda ona yönələn qullarını qoruyacağını bildirir. Elə buna görə də Hz.İbrahim kimi bütün möminlərin də Allaha iman gətirən insanların təhlükəsizlik içində olacağını bilməsi və insanlara da bu həqiqəti izah etməsi vacibdir.

Hz.İbrahim Atasının Düşmənçiliyi Qarşısında Ən Gözəl Şəkildə Münasibət Göstərmişdir

Hər cür təbliğata baxmayaraq atası Hz.İbrahimə qarşı çıxmış və onunla düşmən kimi rəftar edərək belə demişdir:
"...Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!" ("Məryəm" surəsi, 46).
Ancaq təmkinini heç vaxt pozmayan Hz.İbrahim atasının hədələyici rəftarına qarşı son dərəcə hörmətlə və ağıllı bir cavab vermişdir. Hz.İbrahimin cavabı belədir:
"İbrahim belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım" ("Məryəm" surəsi, 47-48).

Hz.İbrahim Qövmünə Onun Sitayiş Etdiyi Bütlərin Həqiqi Bir Tanrı Ola Bilməyəcəyini Təbliğ Etmişdir

Hz.İbrahim qövmünə onun sitayiş etdiyi tanrılarını müstəqil bir güclərinin ola bilməyəcəyini, tək Tanrının Allah olduğunu başa salmaq üçün ona bütlər barədə müxtəlif suallar vermişdir. Bu təbliğ üsulu inanmayanların sisteminin çürüklüyünə özlərinin də şahid olması baxımından çox əhəmiyyətlidir. Bunun sayəsində Hz.İbrahim öz sistemlərinin nə qədər xarab olduğunu qövmünün üzvlərinin şəxsən özlərinə şifahi olaraq qəbul etdirmişdi. Hz.İbrahimin öz qövmü ilə olan söhbətlərindən biri belədir:
"O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "Onları çağırdınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü? - Sizin və ulu babalarınızın?" ("Şuəra" surəsi, 70-76).
Allah Quranda hər insanın etdiyi səhvi bildiyini, yəni hər nəfsin bəhanə gətirərək düşünmək istəməsə belə əslində ona aydın olduğunu, onun üçün əsl doğrunun və ya yalanın nə olduğunu bildiyini söyləmişdir. Allahdan başqa varlıqlara inanan, onlardan kömək və yardım uman bir insan da əslində vicdanı ilə düşünsə, onların bir fayda verməyəcəyini o an anlayar. Allaha şərik qoşduğu varlıqların dua etdiyi zaman onu eşitmədiyini, ona bir zərər və ya fayda vermək imkanına malik olmadığını o an dərk edər. Ancaq müxtəlif subyektiv səbəblərlə yenə də bu həqiqətləri düşünməyə istəməyə bilər. Lakin bu, çox aydın olan bir həqiqətdir.
Hz.İbrahim isə öz sualları ilə qövmünün insanlarının sitayiş etdiyi varlıqlar üzərində düşünmələrinə və nə dərəcədə səhv bir yolda olduqlarını başa salmağa çalışmışdır.
Yenə Hz.İbrahim qövmünə sitayiş etdiyi bütlərdən əl çəkmək barədə xəbərdarlıq etmiş, onlara bütlərin əslində müstəqil gücləri olmayan "rəmzi bir heykəl" və "özlərinin düzəltdiyi saxta tanrılar" olduğunu xatırlatmışdır. Hz.İbrahimin qövmünə sitayiş etdiyi saxta tanrılarından əl çəkərək həqiqi Tanrı olan Allaha yönəlməsinin vacibliyini bildirən ayələrdən bəziləri belədir:
"İbrahim atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman. Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər. İbrahim onlara: "And olsun ki, siz də, atalarınız da açıq-aşkar azmısınız!" - demişdi. Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən?" - deyə soruşduqda belə cavab vermişdi: "Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!" ("Ənbiya" surəsi, 52-56).
"Dedi: "Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"" ("Səffat" surəsi, 95-96).

Hz.İbrahim Bütün Varlıqların Allahın Nəzarətində Olduğunu Və Bütün Hadisələrin Allahın İzni İlə Baş Verdiyini Bildirmişdir

Yuxarıdakı ayələrdən də göründüyü kimi, bir çox inkarçı qövmlər kimi Hz.İbrahimin qövmü də əslində doğru olduğunu düşündükləri üçün deyil, ata-babalarından bu cür gördükləri üçün bütlərə sitayiş edirdilər. Yəni bu batil sistem keçmişdə yaşayan insanlardan onlara qalan pis bir miras idi. Hz.İbrahim də onlara davam etdikləri bu sistemin son dərəcə yanlış və özlərinə zərər verən bir sistem olduğunu bütün təfərrüatı ilə izah etmişdi. Və onlara sitayiş etdikləri bütlərin heç bir gücünün olmadığını xatırlatmış, hər şeyin Allahın nəzarətində olduğunu təbliğ etmişdi. Hz.İbrahimin yuxarıdakı ayələrdə bildirilən söhbətinin ardı belədir:
"Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuəra" surəsi, 77-82).

Hz.İbrahim Ağıllı Üsullarla Insanların Vicdanını Oyatmışdır

Hər cür çağırışına baxmayaraq qövmü bütlərə sitayiş məsələsində inadkarlıq etdiyi halda Hz.İbrahim onları düşünməyə məcbur edəcək və beləliklə də vicdanlarını oyadacaq yeni səylərini həyata keçirmişdir. Bunun üçün qövmünün bütlərin yanından uzaqlaşmasını gözləmiş və onlar gedəndən sonra bütün bütləri sındırıb dağıtmışdı. Ancaq bunu edərkən qövmünün insanlarının nə dərəcədə böyük bir ağılsızlıq etdiklərini onların özünə göstərmək üçün ən böyük bütü sındırmamışdır. Qövmü "Tanrılarımızı sənmi bu günə saldın?" ("Ənbiya" surəsi, 62) deyə soruşduğu zaman isə onlara belə cavab vermişdir:
"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi" ("Ənbiya" surəsi, 63).
Hz.İbrahimin qövmünü başa salmaq üçün istifadə etdiyi taktikadan sonra qövmünün insanları vicdanları ilə düşünüb böyük bir xəta içində olduqlarını anlamışdılar. Ancaq vicdanlarının qəbul etdiyi həqiqət mənfəətləri, adət-ənənələri və ictimai quruluşları ilə ziddiyyət təşkil etdiyi üçün bu insanlar açıq-aydın gördükləri həqiqəti inkar etmişdilər. Bu barədəki ayələr belədir:
"Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalimlərsiniz" - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq: "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər. İbrahim dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?" Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq" ("Ənbiya" surəsi, 64-70).

Hz.İbrahim Ən Çətin Vəziyyətdə Belə Allaha Olan İnamı Və Təslimiyyəti İlə Möminlərə Örnək Olmuşdur

Hz.İbrahim qövmü ilə təkbaşına apardığı cəsur və ağıllı mübarizə ilə möminlər üçün gözəl bir örnək olmuşdur. Qövmü tərəfindən o da atılmaqla hədələndiyi, ona müxtəlif tələlər qurulduğu belə bir çətin anda da Allaha olan təvəkkül və təslimiyyətində nöqsanlara yol verməyən Hz.İbrahimin qövmünə verdiyi cavab belə olmuşdur:
"Dedi: "Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!"" ("Saffat" surəsi, 99).
Hz.İbrahimin bu sözləri bütün möminlərə mühüm bir həqiqəti xatırladır. Bütün insanları yaradan Allahdır. Və bütün insanlar Onun təsbit etdiyi bir zamanda ölüb yenə Allaha qayıdacaqlar. "Şübhəsiz, mən Rəbbimə gedəcəyəm" deyən Hz.İbrahim də bu sözü ilə ölümün Allaha dönüş olduğunu bütün qövmünə xatırlatmışdır. O halda müsəlmanlar da qarşılaşdıqları hər hadisədə Allaha olan sarsılmaz inamlarını dilə gətirməli və insanları da buna dəvət etməlidirlər.

Allah Hz.İbrahimi Və Yanındakı Möminləri İnananlara Gözəl Bir Örnək Olaraq Göstərmişdir

Hz.İbrahim həm öz qövmünə, həm də özündən sonra gələn qövmlərə üstün əxlaqı ilə örnək olmuşdur. Allah iman gətirənlər üçün Ona "səmimi bir qəlblə təslim olan" Hz.İbrahimdə və onunla birlikdə olan möminlərdə bir çox gözəl örnəklər olduğunu bildirmişdir:
"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!" Ancaq İbrahimin öz atasına: "Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!" - deməsi istisnadır. "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır"" ("Mumtəhinə" surəsi, 4).

Quranda Hz.İbrahimin Üstün Əxlaqı Və Seçilmiş İnsan Olması Haqqında Ayələr

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).
"...Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 114).
"İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi" ("Ali-İmran" surəsi, 67).
"Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!" ("Nəhl" surəsi, 120-122).
"Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi" ("Saffat" surəsi, 83-84).
"Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğrudanışan kimsə - bir peyğəmbər idi" ("Məryəm" surəsi, 41).
"Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi" ("Hud" surəsi, 75).
"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. "İbrahimə salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 108-111).
"Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: "Əmrimə təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi" ("Bəqərə" surəsi, 130-131).
"Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik" ("Ənbiya" surəsi, 51).